Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37 min nəfər və yaxud 2,3% artaraq 1 678,5 min nəfər olub, onlardan 915,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 763 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, muzdla işləyənlərin 19,7%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 il əvvələ nisbətən 2,8% azalaraq 692,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.