Tovuz rayon Qaraxanlı kənd sakini Hüseynov Həsən Ədil oğlu yaşadığı həyətyanı sahənin qanunsuz olaraq zəbt olunduğundan şikayətçidir.

Ev sahibinin “Qərb Xəbər”in reportyoruna verdiyi məlumata görə, 2015-ci ildə ona məxsus 17 sot ərazinin 4 sotu qardaşı tərəfindən zəbt edilib. İddiaçı Hüseynov Həsən Ədil oğlu çarəsiz qalıb və məhkəməyə üz tutub.

Belə ki, haqında bəhs olunan ərazi ona 1992-ci ildə dövlət tərəfindən verilib. Ona məhkəmə tərəfindən ərazinin sənədlərini notarial qaydada təsdiq edilməsi barədə göstəriş verilib və proses başlanılıb. Sonradan iddiaçının səhətində problemlər baş verdiyi üçün Bakıya müalicəyə yollanıb. Qayıtdıqda isə ona sənədlərin itdiyini və yenidən sənəd gətirməsini deyiblər.

Dializ xəstəsi olan H.Hüseynov prosesdə iştirak edə bilmədiyi üçün Məhəmmədəli adlı birinə notarial qaydada etibarnamə verib. Vətəndaş iddia edir ki, etibarnamə verdiyi şəxs məhkəmə prosesinə dəvət olunmayıb, verilən qərar isə onların əleyhinə olub. Yenə appeliyasiya şikayəti verilsə də, şikayət təmin olunmayıb.

Hazırda zəbt olunmuş sahə sayılan və rəsmi sənədlərə əsasən, Hüseynov Həsən Ədil oğluna məxsus ərazi iki qardaşı bir-birinə düşmən edib. Ev sahibinin dediyinə görə, bələdiyyədən onlara “Əgər ərazi satılarsa, Həsəndən icazə və imza alınmalıdır” deyilib.

“Qərb Xəbər” komandası qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırdır.