2019-cu ildə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb.

Bu yenidənqurma işi Nəsrəddin Tusi küçəsini də əhatə edib. Lakin istismara yararsız köhnə su boruları torpağın altında qaldığı üçün hər dəfə üzərindən avtomobil keçəndə partlayır, borulardan sızan su yola axır.

Nəticədə palçıq avtomobillərin və piyadaların hərəkətində çətinliklər yaradır.

“Qərb Xəbər”in redaksiyasının da yerləşdiyi küçədə vəziyyətin “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən nəzərətə götürüləcəyini və tezliklə aradan qaldırılacağını ümid edirik.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. 

Qazax şəhərində 1970-ci illərdə yaradılmış su təchizatı sistemləri istismara yararsız vəziyyətə düşüb. Ötən dövrdə əhali artımı və məskunlaşmanın genişlənməsi səbəbindən infrastruktur mövcud və perspektiv tələbatı qarşılamaq iqtidarında deyil. Bütün bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıb.

Layihə Qazax şəhərində 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb. Layihə çərçivəsində Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin faydalanacaq.