Qazax şəhərinin Ağköynək kəndi ərazisində yerləşən zibil poliqonu dura-dura şəhərin zibili poliqonun ətrafına atılır.

Bu barədə “Qərb Xəbər”ə Ağköynək-Qarapapaq bələdiyyəsinin üzvü Rafiq Muradov məlumat verib.

O bildirib ki, nəticədə zibil poliqonunun ərazisinin günbəgün artması kəndin yararlı torpaqlarını yararsız hala salmaqla yanaşı, heyvanların örüş sahəsini də zəbt edir və fermerlər əziyyət çəkir.

Belə ki, kənd sakinlərinin heyvanları zəhərlənir, bəzən onları xilas etmək olmur, yerindəcə ölür.

Qeyd edək ki, 2016-cı ilin yekunlarına dair hesabatında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Ağköynək kəndində yerləşən zibil poliqonunun tam dəmir setka ilə hasarlandığını, köhnə zibil tullantılarının iri bulduzerler vasitəsilə torpaq örtüyü ilə örtüldüyünü, poliqona gedən yolun çınqıl örtüyü ilə hamarlandığını və bir ədəd DT-75 markalı traktorun ayrıldığını bildirib.