Güney Azərbaycanın Sulduz şəhərində gərginlik davam edir. Silahlı kürd radikalların azərbaycanlılara qəfil hücumları ölkədə kifayət qədər böyük ajiotaj yaradıb.

ABŞ-da yaşayan sosioloq Zaur Bayramlı düşünür ki, bölgədə vəziyyətin gərginləşməsi molla rejiminin ürəyincədir: “Batı (Qərbi) Azərbaycan bölgəsinin ən önəmli şəhərlərindən olan Sulduz  artıq neçə gündür ki, silahlı kürdlərin qəfil hücumlarına məruz qalır. 

Təbii ki, bu cür 200-300 nəfərlik mütəşəkkil hücumlar İran fars-molla rejiminin razılığı olmadan mümkün deyil. Dünən bu hücumlardan biri Sulduzun Saxsıtəpə kəndinə olub. Hücum nəticəsində bizimkilərdən bir neçə nəfər yaralanıb və soydaşlarımızın evləri yandırılıb.

Urmu, Sulduz və digər Güney Azərbaycan şəhərlərinə iddia edən kürdlərin bu istəyi fars-molla rejiminin də ürəyincədir – çünki o bölgə Türkiyə ilə Türk Dünyasını birləşdirən ən əsas quru ərazidir. 

Türk Dünyasının birliyi isə fars-molla rejiminin maraqlarına zidd olduğu üçün rejim əl altından kürdlərə dəstək verir. Necə ki, bir zaman Türkiyəyə qarşı istifadə etmək üçün PKK-nın İran qolu olan PEJAK-ı quraraq dəstək verdi.

Görünən budur ki, 44 günlük Qarabağ savaşının yaratdığı yeni situasiya və getdikcə güclənən Türkiyə-Azərbaycan işbirliyi artıqca, İran rejimi əlində qalan azsaylı kozırlardan olan kürd faktorundan daha çox istifadə etməyə çalışacaq. 

Ona görə də Azərbaycan ictimaiyyətinin və özəlliklə medianın Batı Azərbaycan bölgəsi başda olmaqla, Güney (cənubi) Azərbaycanda baş verən hadisələri əvvəlkindən daha çox diqqət mərkəzində saxlaması lazımdır.

Eyni zamanda Türkiyə Cümhuriyyəti də bu olaylara seyrçi qalmamalıdır”.