“Biz son günlər rus hərbiçilərinin Ermənistan Azərbaycan sərhədinin Qazax rayonu istiqamətində gəlişinin şahidi oluruq. Erməni mənbələri bildirir ki, rus əsgərləri Qazaxda ikinci postu artıq qurub. Burda belə bir sual ortalığa çıxır, rus əsgərlərinin o bölgədəki planları nədir?”

APA TV-nin xəbərinə görə, bunu siyasi şərhçi Zaur Məmmədov son günlər rus sülhməramlılarının, Ermənistan tərəfindən işğal altında olan Qazaxın yeddi kəndində yeni mövqelər qurmasına münasibət bildirərkən deyib: ”Qazaxın yeddi kəndinin qaytarılması gündəmdədir. Qarşıdakı aylarda biz həmin kəndlərin qaytarılmasını tələb edirik. Ermənistan və Rusiya İcevan-Qazax istiqamətində yeni nəqliyyat xətinin və yolun tikintisində olduqca maraqlıdırlar. Azərbaycan tərəfinin buradakı mövqeyi isə bütün kommunikasiya xətlərinin eyni anda açılmasıdır”.

APA TV

Zaur Məmmədovun sözlərinə görə, əgər Ermənistan və Rusiya nəqliyyat xəttinin açılmasını istəyirlərsə Azərbaycan da Zəngəzur dəhlizinin açılmasını istəyir: ”Ermənistan və Rusiya tərəfi başa düşməlidir ki, kommunikasiya və nəqliyyat xətlərinin açılması Azərbaycanın bir jestidir, lakin bunun fonunda əgər Qarabağın dağlıq hissəsində və digər torpaqlarda Azərbaycan hərbçilərinə qarşı təxribatlar olarsa heç bir kommunikasiya xərclərinin açılmasında söhbət getməyəcək. Və yeni proseslərə elə həmin o qüvvələr Ermənistan və onların havadarlar xələl gətirmiş olacaqlar”.

Ekspert deyir ki, Ermənistan kommunikasiya və nəqliyyat xətlərinin açılmasında maraqlı olsa da öz təxribatlarından da əl çəkmir.

Qeyd edək ki, Ermənistan mediası Qazaxın 7 kəndinin qaytarılmasına hazırlıq getdiyi haqda yazır. Maraqlıdır ki, bunu adətən Paşinyana müxalif olan media gündəmə gətirirdi, indi isə Tavuş bölgəsinin qubernatorunun qardaşı, hakim partiyanın deputatı Vahe Qalumyan bu haqda ictimaiyyətə məlumat verib.