Aprel döyüşləri zamanı şəhid olmuş kapitan Mühüd Orucovun doğum günüdür. Yaşasaydı 37 yaşı tamam olacaqdı.

“Qərb Xəbər”in məlumatına görə, 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində doğulub.

1991-ci ildə K.Kərimov adına orta məktəbin 1-ci sinfinə daxil olub. 1999-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub, 2002-ci ilədək təhsilini həmin liseydə davam etdirib. 2002-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib.

Mühüd Orucov 2006-2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunu bitirib. 2007-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandiri vəzifəsinə təyin edilib.

Elə həmin ildə öz arzusu ilə Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün ezam olunub və kursu müvəffəqiyyətlə bitirib. Qısa zaman ərzində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri vəzifəsinədək yüksəlib. 2014-cü ilin avqust ayında uğurlu əməliyyatdan sonra Prezident İ.Əliyev M.Orucovla görüş zamanı ona xatirə olaraq saat bağışlayıb.

İştirak etdiyi məxfi əməliyyatlardan həmişə uğurla qayıdıb. Döyüş yoldaşları onu “Mixaylo” adlandırırdı. Son döyüşü 2016-cı ilin aprel döyüşlərində olub.

Kapitan Mühüd Orucov 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin atdığı tank mərmisinnin partlaması nəticəsində şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Vətən üçün hazır ol!” layihəsi çərçivəsində çəkilmiş “Qarabağa doğru” sənədli filmi kapitan Mühüd Orucov, baş-leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunub.