Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) məlumat yayıb.

Bildirilib ki, Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınması iyulun 30-dək davam edəcək.

Qeyd olunub ki, yolasalmalar COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə riayət edilməklə həyata keçirilir.

Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayıb.