İyunun 13-də “Cəlilabad folklor örnəkləri” I cild kitabının təqdimatı keçirilib. Təqdimatda Fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov, Filologiya elmləri doktoru İslam Sadıq, Filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, Təhsil problemləri institutunun direktor müavini, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Ənvər Abbasov, Tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Azərbaycan Tarixi kafedrasının Dosenti Zakir Kərimov, Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev, Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin dekanı, Filologiya elmləri üzrə fəlsəfə doktoru Salman Süleymanov, Filologiya elmləri üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızı və Hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcid iştirak edərək çıxış ediblər.

Fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov çıxış zamanı müəlliflərin kitabı çapa hazırlayana qədər dəfələrlə onun müzakirəsini  apardıqlarına diqqət çəkib: “Yüz ölç, bir biç” deyiminə əsaslanaraq, müəlliflər çox çalışaraq mükəmməl bir iş ərsəyə gətiriblər”.

Öz növbəsində filologiya elmləri doktoru İslam Sadıq bildirib ki, İlkin Elsevər tələbəlik illərindən çox fəal olub: “Onun bu dəyərli kitabının çap olunması həmin zəhmətin bəhrəsidir. İlkin Elsevər tələbə olarkən onun məqalələri nüfuzlu jurnallarda çap olunmuş, həmçinin də beynəlxalq konfranslarda və qrultaylarda  məruzələr ilə  çıxış etmişdir. İlkin Elsevər mənim yetişdirməmdir. Və mənim əziyyətim boşa getmədi.  Mən tələbəmlə və ilk  gənc folklorşünas yetirməmlə qürur duyuram”.

Filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun sözlərinə görə, İlkin Elsevərin bu kitabı sayəsində artıq yeni  folklor mətnlərinin toplanması prosesi başlanmış oldu: “O, bu sahəni demək olar ki, tam şəkildə qavraya bilmişdir”.

Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Ənvər Abbasov isə İlkin Elsevərlə tanışlığından danışıb: “O, mənim də tələbəm olub. İlkinlə ilk tanışlığımız Azərbaycan Dövlət Pedaqoji Universitetinin seminar otağında oldu. İlkin Elsevər ilk görüşdən  özünün geniş dünya görüşünə, yüksək səviyyəli savada malik olduğunu bəyan etdi. O, çalışqan, zəhmətkeş gənc folklorşünasdır”.

Daha sonra digər çıxışçılar da söz alıb, ürək sözlərini bildiriblər. Həmçinin tədbirdə Emin Ağayev, Türkiyədən qatılan Aytən Lalayeva, tarixçi-tədqiqatçı Rza Rzayev və digər elm adamları çıxış edərək kitabın elmi əhəmiyyətindən söz açıblar.

Sonda İlkin Elsevərin folklor nümunələrinin toplanmasına, söyləyicilərlə necə ünsiyyət yaradılması və s. məsələlərə dair elmi çıxışı tədbir iştirakçıları tərəfindən çox  böyük maraqla qarşılanıb.