“Gələn həftə Milli Məclisdə bu qanun layihəsinin müzakirəsi geniş formatda təşkil olunacaq. Aidiyyəti dövlət orqanları da bu iclasda iştirak edəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bu qanun layihəsində faizlərin toplanması orqanizmin müxtəlif orqanlarının müxtəlif formada itirilməsi əsasında olacaq: “Burada sadə hesab olmayacaq. Yəni orqanizmin hər hansı orqanının ən yüksək pozulanı əsas götürüləcək. Bunu biz müəyyən etməmişik. Bunu ÜST müəyyən edib. Bu qanun qəbul edildikdən sonra 6 ay müddətində bu qanunun tətbiqi sahəsində iş gedəcək. Burada TƏBİB-in, Səhiyyə Nazirliyinin, ƏƏSMN-in əməkdaşlarının iştirakı ilə treninqi keçiriləcək. Sual olunur ki, qanun qəbul olunandan sonra ölkədə əlillik artacaq, azalacaq, maliyyə tutumu artacaq, azalacaq? Bunların heç biri olmayacaq. Bu, sadəcə, bir alətdir. Biz indiyə qədər informasiyanı qəzetdən alırdıqsa, indi telefondan alırıq. Bu, müasirliyin tətbiqidir. Burada orqanizmin funksiyalarının 100% itirilməsi pozulması ilə əvəz olunacaq. Bu, bütün orqanizmi əhatə etmir, bir orqanın itirilməsi nəzərdə tutulur. Əlillik təyin olunarkən orqanizmin müəyyən hissəsini itirməsi götürülür”.