Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun növbəti məhkəmə iclası keçirilib.

“Qərb Xəbər”in məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri vəsatət qaldırıb.

Vəsatətlər İlkin Süleymanovun həbsinin ev dustaqlığı ilə əvəz olunması, audio, video və digər yazan texniki vasitələrdən istifadə edilməsi ilə bağlı olub. Dövlət ittihamçısı vəsatətləri təmin etməyib.

Bundan əlavə, hakim tərəfindən iclasda iştirak edən media nümayəndələrinə audio video və foto çəkiliş aparmaq qadağan edilib.

Vəkil Əlibaba Rzayevin etirazı hakim tərəfindən iclasın gedişini pozmaq kimi qiymətləndirilib. O bildirib ki, bizim çəkiliş aparmaq üçün texniki imkanlarımız yoxdur. O zaman vəkil qeyd edib ki, şəffaflıq üçün media nümayəndələrinin, yaxud vəkillərin texniki imkanları hesabına çəkilişlər aparıla bilər. Bu tələb də rədd edilib.

Həkim tərəfindən iclasda iştirak edən media nümayəndələrinə audio, video və foto çəkiliş aparmaq qadağan edilib.

Məhkəmənin baxış iclası iyunun 16-na təyin edilib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.