Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu – kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlu dəfn edilib.

“Qərb Xəbər”in məlumatına görə, şəhid vida mərasimindən sonra Lerik rayonunun Anbu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində rəsmi şəxslər, hərbçilər, şəhid yaxınları və rayon sakinləri iştirakı ediblər.

Qeyd edək ki, 1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olan kapitan Ə.Rəhmətov İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Ötən il oktyabrın 15-dən sonra Ə.Rəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. Uzun axtarışlardan sonra mayın 6-da onun şəhid olduğu müəyyən edilib. Şəhidimizin nəşi Cəbrayıl rayonunda tapılıb.

Xatırladaq ki, Ə.Rəhmətov həmçinin Aprel döyüşlərində, ötən ilin Tovuz döyüşlərində bir sıra qəhrəmanlıqlar nümayiş etdirib.