“Qərb Xəbər” Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 1999-cu ildə “Zaman” qəzetində nəşr olunmuş fikirlərini təqdim edir:

Ramazana müxtəlif adamlar müxtəlif məntiqlərdən yanaşırlar. İslamın bu hökmünə dünyəvi, elmi, fəlsəfi məntiqdən baxmaq məncə yalnışdır. Məsələn, deyirlər ki, oruc tutarkən mədə istirahət edir, bədəndəki bəzi mikroblar ölür vəs. Guya orucu bunlara görə tutmaq lazımdır. Axı bu tibbi izahdır, başqa sözlə elmi-dünyəvi izahdır. Ramazana elmi izah verilməməlidir. Onu çağdaş elmlə izah vermək əks nəticələr verər, adamları çaşdıra bilər.

Ramazan bir din sistemidir. Ona dini baxışla baxacaqsan. Dinin baxışı isə ehkamlar üzərində qurulub. Orada səbəb axtarmaq yalnışdır. Dini ehkamı icra etmək üçün elmin nailiyyətlərini əsas götürmək olmaz. “Biz niyə oruuc tuturuq?” sualının bir cavabı var: “Çünki o Allahın əmridir”. Bu ehkamların səbəbi axtarılmaz. Ona görə ki, onun səbəbini biz bilmərik.

Allah tərəfindən insanların boynuna bir borc qoyulubsa, o danışıqsız yerinə yetirilməlidir. Niyə qoyulub, nə səbəbə qoyulub? Bunu Allah bilər. Təsəvvür edin, Quranı-Kərim şərh olunmur, təfsir edilir. Təfsir isə izah deyil, sadəcə olaraq “Mən belə başa düşürəm” deməkdir.

Elə “Qabusnamə”nin də islama vurduğu zərbənin kökünü Allahın ehkamlarına dünyəvi məntiqdən baxmasında axtarmaq lazımdır. Məsələn, “Qabusnamə”də deyilir ki, namaz qılmaq təmizlikdir. Axı bu belə deyil. Namaz qılmaqla ruhunu təmizləyirsən. Allahla ünsiyyətə hazırlaşırsan. Onun qarşısına gedirsən. Ona görə də həm ruhən, həm də cismən təmiz olmalısan. Namaz idman deyil. İdman olsaydı, o böyük Qüdrət sahibi “gündə beş dəfə idman eləyin” – deyərdi.

Namaz da, oruc da, düşüncələrimizdə Allahı, Ona gedən yolu dərk etmək və o yolla yaşamaq üçündür.

İslamda qadağa, hədə və zordan daha çox insanın qarşısına qoyulmuş təhəhhüd və müəyyən qədər də məsuliyyət var. Bu təhəhhüd və məsluyyətləri daim hiss etdirmək üçün hədə və zor yoxdur, təklif var. Allah insanı sevdiyindən yaradıb və sevdiyinin yolundan sapmaması üçün təkliflər edir. Bundan sonra xəbərdarlıq edir ki, bu yolla getməsən, günaha batarsan, zərər çəkərsən. İslamın bizə təlqin etdiyi Allahı dərk budur.

İnsan Ramazanda bir ay dünyanın zövq-səfasından şüurlu olaraq imtina edir. Bu da nəfsinə hakim olmağa gətirir. Nəfsinə hakim olan isə hər şeyə hakim olar. İnsan nəfsinə hakim olduqca var-dövlət, quduzluq, hikkə, məkr kimi naqisliklərdən uzaqlaşır, uzaqlaşdıqca təmizlənir, təmizləndikcə Allaha yaxınlaşır. Bütün prinsip buna əsaslanır.

Ayinlərin heç birində, o cümlədən orucluqda da heç bir əzab-əziyyət yoxdur. İnsanlar oruc tutarkən özünü dar ağacının qarşısındakı kimi hiss etmir. Əksinə, Tanrı qapısına daha da yaxınlaşmaqdan ləzzət duyur. İslam qorxu hissi aşılayan din deyil, əksinə insan qəlbindən xofu çıxardandır. İnsanların əksəriyyəti qorxu hissi ilə yaşayır: təbiət hadisələrindən, vəhşi heyvanlardan, ölümdən qorxur. İslam dini böyük bir sistem kimi bu qorxu hisslərini insanın qəlbindən çıxarmağa çalışır. Hər şeyin Allahdan olduğunu aşılayır. Buna iman gətirən insanın qəlbindəki Allah qorxusundan başqa bütün qorxu hissləri çıxır. Hətta ölümdən də qorxmur. Düşmənlə üz-üzə gələn imanlı insan ölümün Allahın əlində olduğuna inandığından düşmən gülləsindən qorxmur, cəsarətlə vuruşur.

Son illər gənclərimizin xurafata deyil, həqiqi İslama könüldən bağlılığı çox sevindirici haldır. İnanıram ki, Allahın buyurduğu kimi yaşayan və mübarizə aparan xalq həmişə qalib gələcəkdir. Azərbaycanın əsl-nicatı məhz bu cür halal düşüncəli, Allah yolunu tutan gəncliyin yetişməsi ilə əldə ediləcək.