31 mart soyqırımı – 1998-ci ildən bəri 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 

1918-ci il martın 30-dan aprelin 3-dək Bakıda, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə yaşayan, o cümlədən Bakı Sovetinin və Daşnaksütun Partiyasının erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədib. Nəticədə 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının II cildində Mart soyqırımı haqqında belə yazılır: “Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejimi Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, Müsavat Partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara “dərs vermək” istəyirdi”. 

Açıq mənbələrdən götürülüb

Ensiklopediyada həmçinin qeyd olunur ki, Mart soyqırımında Daşnaksütun silahlılarının bolşeviklərin zərbə qüvvəsini təşkil edib. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə Birinci dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıya gətirilib. 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf edib ki, Bakı əhalisinin milli tərkibi onu çox qorxudurmuş və buna görə də erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzmiş. 

Hadisələr müsəlman zabitlərin olduğu “Evelina” gəmisinin tərksilah olunması ilə başlayıb. Ermənilər Rus Milli Şurası, eser və menşevik partiyaları, o cümlədən matroslar arasında belə bir şayiə yayıblar ki, guya “Evelina” ilə Lənkərana gedən zabitlər Muğandakı rus-malakan kəndlərini məhv etmək tapşırığı alıblar. Martın 30-da Bakıda mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradılıb və qurumun təşəbbüsü ilə “Evelina”nın Lənkərana yola düşməsinə imkan verilməyib, gəmidəki zabitlər tərk-silah edilib. 

Həmin gün saat 16.40-da erməni kilsəsinin yanında toplaşmış daşnaklar müsəlmanlara atəş açıblar. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və sair məhəllələrə hücum etdilər. S.Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Tsaritsınadan göndərilən 2 təyyarə havadan, hərbi gəmilərsə dənizdən həmin məhəllələri bombalamağa başlayıblar. Yaxşı silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulub sakinləri xəncərlə doğrayıblar, uşaqları yanan evlərin içinə atıblar, körpələri süngüyə keçiriblər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılıb (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild). 

Rəsmi məlumatlara görə, Mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilib. Bolşevik-daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırıb, “Təzəpir” məscidinin minarələrini top atəşi ilə zədələyiblər. 

Ermənilər də eyni ildə türklər tərəfindən soyqırımına məruz qaldıqlarını iddia edirlər. 

“Armenpress”-in yazdığına görə, 1918-ci ildə türk qoşunları Bakıya gəldikdən sonra şəhərdə ikinci ən böyük erməni soyqırımı baş verib və 23 min erməni öldürülüb (1). 

1. https://armenpress.am/eng/news/1001414.html