Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakı-Qazax magistral yolunun Yevlax, Goranboy, Şəmkir və Tovuz rayonları ərazindən keçən hissəsində yol kənarına 20 min ədəd tut tingi əkilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsərrüfatlarında yetişdirilən tut tinglərinin yol kənarında əkilməsi həm ipəkçiliyin yem bazasının möhkəmləndirilməsinə xidmət edəcək, həm də torpaq resurslarından səmərəli istifadəni təmin edərək kümçülərin yemə olan ehtiyaclarının ödənilməsinə töhfə verəcək.

Magistral və kəndarası yolların kənarlarında, yaşıllaşma zolağında əkilmiş tut tingləri baramaçılığın inkişafı ilə bərabər ekosistemin yaxşılaşdırılmasına xidmət göstərir.

Xatırladaq ki, “Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı üzrə Tədbirlər Planı”nda baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə yeni çəkil bağlarının salınması nəzərdə tutulur.