Tovuz rayon Qovlar qəsəbəsinin Azadlıq küçəsi, bina 3, mənzil 1-də qalan Mahmudova Səidə Cəlil qızı üç uşağı ilə acınacaqlı vəziyətdə yaşayır.

“Qərb Xəbər”in məlumatına görə, əslən Gədəbəy rayonundan olan S.Mahmudova qeyri-rəsmi nigahı olan həyat yoldaşı ilə illər öncə  buraya köçüb. Kirayədə yaşayan müsahibimiz acınacaqlı vəziyyətindən danışıb.

İki il öncə belindən aldığı zədə səbəbindən əmək qabiliyyətini itirib və işsiz qalıb. Üç azyaşlı qız övladı ilə yaşayır. İmkansızlıq ucbatından məktəbə belə getməyən körpələr qonşuların paltarlarını yuyur, evlərinə təmizliyə gedir, onların verdiyi pul və ya ərzaq ilə dolanırlar.

Bir müddət ünvanlı sosial müavinət  alsalar da, sonralar o da kəsilib. Təbii qaza yananmış borclarına görə təbii qazın verilməsi  dayandırılıb və nəticədə ailə gecələr evin istiliyini qonşuların hesabına təmin edirlər.