Martın 13-də Bərdə şəhərində Avropa İttifaqının maliyyə dəstəyi ilə “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilən Usta yanında Şəyirdlik (Apprenticeship) proqramı sayəsində yaradılan Məsləhət Şurasının növbəti görüşü keçirilib. Görüşdə Bərdə Peşə Liseyinin müəllim, usta heyəti, sahibkar və işəgötürənlər, QHT nümayəndələri və Yerli İdarəetməyə Yardım İctimai Birliyinin əməkdaşları iştirak ediblər.

Görüşdə Məsləhət Şurasının fəaliyyəti, gündəlikdə olan məsələlər, Şuranın fəaliyyətində ortaya çıxan problemlər və bu problemlərin aradan qaldırılması üçün təkliflər müzakirə edilib.

Qeyd edək ki, “Ustayanında Şəyirdlik” proqramı pilot proqramlar (Bitkiçilik və Baramaçılıq ixtisasları) üzrə təhsil proqramının əsas hissəsidir. Bu proqram modullar üzrə tələbələrin əsas və peşə səriştələrinin əldə edilməsinə xidmət edir. Praktik dərslərin işəgötürən müəssisədə təşkil edilməsi tələbələrin iş yerinin əsas xüsusiyyətlərini dərk etmək, komanda halında çalışmaq vərdişlərini formalaşdırır. Eyni zamanda Bərdə Peşə Liseyində peşə təhsilinin və təliminin təşkili üzrə Məsləhət Şurası lisey ilə işəgötürənlərin ustayanında şəyirdlik proqramının təşkili və gələcək inkişafı üzrə fəaliyyətlərin əlaqələndirilməsi üçün müzakirəedici və məsləhətçi orqandır. Tərkibi 6 nəfərdən ibarət olan Məsləhət Şurasının əsas vəzifələrinə şəyirdlik proqramının təşkili və icrasına aid təkliflər hazırlamaq, eyni zamanda, peşə məktəbi və işəgötürən müəssisələr arasında razılaşma və müqavilələrin hazırlanması və imzalanmasına köməklik göstərilməsi daxildir.

Xatırladaq ki, “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi 2017-ci ilin oktyabr ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilir.