2021-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 105,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, ölkəmizdə ərzaq məhsulları, içkilər və tütün məmulatları 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2,1 faiz, əvvəlki ilin fevral ayına nəzərən isə 5,2 faiz bahalaşıb.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunub.

2021-ci ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin fevral ayına nisbətən 103,7 faiz təşkil edib. Yəni, fevral ayında qeyri-ərzaq məhsulları yanvar ayına nəzərən 0,3 faiz, ötən ilin fevral ayına nəzərən isə 3,7 faiz bahalaşıb.    

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtaların, sementin, kərpicin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub.

2021-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102 faiz, əvvəlki ilin fevral ayına nisbətən 103,3 faiz təşkil edib. Bu xidmətlərin dəyəri əvvəlki aya nəzərən 2 faiz, 2020-ci ilin fevral ayına nəzərən isə 3,3 faiz artıb.  

Qeyd olunur ki, cari ilin fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması əhali qrupu üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması, habelə paltarların təmiri, ictimai iaşə, tibbi və stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub.