Bu il 3 min, yaxın 5 ildə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin ediləcək. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzilin təqdim olunması tədbirində səsləndirilib. 

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri yanaşı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, “Qarabağ Qaziləri”  İctimai Birliyinin üzvü Rey Kərimoğlu və başqaları iştirak ediblər. 

Qeyd olunub ki, şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə 934 ədəd, 2020-ci ildə 1572 ədəd mənzil və fərdi ev verilib. 2021-ci ildə isə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulur ki, bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir.

Mənzillərdən 18-i Qarabağ müharibəsi əlillərinə, 12-i şəhid ailələrinə təqdim edilib.