Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin “Gənc qələm sahibləri” layihəsi davam edir. Layihə çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, Mərkəzin könüllüsü Jalə Mirzəyeva Vətən Müharibəsinin şəhidi Adil Əfəndiyev haqqında məqalə yazıb. Həmin yazını diqqətinizə çatdırırıq:

Dünyada insanın dəyər verdiyi qiymətli şeylər var: mal-mülk, uşaq, pul, həyat yoldaşı, dost və sevgili kimi. Amma insan üçün bunlardan əvvəl, bunlardan əziz bir şey daha var. O da candır. Ona görə “Canandan can yaxındır” deyiblər. Canan bütün sevgililər, can isə insanın varlığıdır, özüdür. Böyük millətimiz üçün candan da əziz daha bir nəsnə vardır, o da “Vətən”dir. Bəli, bizim üçün candan əziz olan canan, “Vətənimiz”dir. Şairin dediyi kimi, “Torpaq əgər uğrunda ölən varsa, vətəndir”. Cənnət vətənimiz Azərbaycan uğrunda minlərlə qəhrəman igidin öldüyü, torpağı şəhid qanı ilə suvarılmış, hüdudları şəhid sümükləri ilə çəkilmiş, misilsiz bir coğrafiya parçasıdır. Torpağımızın ən dəyərli xəzinəsi şəhidlərimizdir. Belə şəhidlərimizdən biri də Adil Əfəndiyevdir.

Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2012-2018 ci illərdə Azərbaycan Tibb Univetsitetində təhsil alıb. Azərbaycan ordusunun tibb xidməti leytenantı Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə  yaralanan hərbçilərə yerində yardım edib. Adil Əfəndiyev oktyabrın 22-də Xocavənd döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı, “Şuşanın azad olunmasına görə” medalı və “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

“Günlər keçir… İllər ötür… Ömür gedir… Həyat davam edir… Biz isə… Biz də onu izləyirik. Yalnız izləyirik… Həyat bizim olsa belə… Günlər bir-birini qovur… Və hər yel qanadlı gün bizə nə isə verir, bizdən nə isə alır. Necə də qəribədir bu həyat. Bizi yaşadır… Yalnız yaşadır”. Bu sözlər Adilin anası Afət xanımla söhbət zamanı ürəyimdən keçdi. Şəhid anası olmaq Afət xanımın üzündə həm qürur, həm də kədər yaratmışdı. Afət xanımın dilindən Adil:

“Adil uşaqlıqdan qeyri-adiliyi ilə seçilib. Sinif yoldaşlarının valideynləri hər zaman övladlarına Adili nümunə çəkirdilər ki, siz də Adil kimi olun, onun yolundan gedin. Biz ona heç bir zaman nə oxu dedik, nə haradasan dedik – özü hər zaman işini planla görürdü. IV ixtisas qrupa hazırlaşmasına baxmayaraq bütün fənləri sevərək oxuyurdu. Uşaqlıqdan hərbi həkim ixtisasına həvəsi vardı, ona görə də, elə o ixtisasa sənədlərini verdi. 6 il oxudu, bir dəfə də olsun, bizi incitmədi. Xəyalları, arzuları var idi, işləyə-işləyə istəyirdi, təhsilini davam etdirsin… O döyüşlərə də öz istəyi ilə qatılmışdı.  Mənim xəbərim yox idi. Adil döyüşə getməsini mənə deməmişdi…”  Bu sözləri deyərkən Afət xanımın ürəyinin yanğısını hiss edirdim.

Qönçə çiçəklərin vaxtsız solduğunu, anaların saç yolduğunu, ataların qəddi əyildiyini, dünən var olanın bu gün yox olduğunu, ağın qara, qaranın ağ olduğunu görə-görə yaşayırıq. Necə ad qoymalıyıq bəs bu dünyaya? Dünənə qədər deyib güldüyün, sevincini, qəmini bölüşdüyün insan hələ arzularının qanadlandığı bir dövrdə bircə anın içində simurq quşu kimi görünməz olur. Onun yoxluğunu yaşasan da, ölümünə inana bilmirsən… Belə anlarda nə yaxşı ki, yaddaşımızda həkk olunan, zaman-zaman təzələnən xatirələr yada düşür. Dəniz sahilinə çırpılan dalğalar kimi bu xatirələr insanı təzədən həyata qaytarır, onun səsini, simasını mənən yenidən gözündə canlandırır. Ancaq bu xatirələr… Bu xatirələr… İnsanı tüstüsüz yandırır.  Adilin bacısı Nərminin gözlərində də bu xatirələri görmək olurdu. Bacısı Nərminin dilindən Adil:

“Adil şəhid olduqdan sonra yaxınları, dostları ilə əlaqə saxladıq. Dedilər ki, döyüş başlayanda hələ ki, Adilgili aparmaq fikirləri yox imiş. Öz istəyi ilə döyüşlərə qatılıb. Adil hər zaman mən şəhid olacağam, oktyabrda Qazaxa gedəcəyəm, ancaq budəfəki gedişim fərqli olacaq. Bayrağa bükülü şəkildə… Sanki bu insan əvvəlcədən həyatının hər pilləsini görürdü, gözünün qarşısına gəlirdi. Döyüş yoldaşları ilə danışırıq, deyirlər ki, kimsə Adillə şəkil çəkdirəndə deyirmiş ki, sən şəhidlə şəkil çəkdirirsən. Ümumiyyətlə, Adil sanki bu dünya üçün yaranmamışdı. İndi oturub hərdən fikirləşirik, bəlkə elə bir pis xüsusiyyəti vardı ki, biz bunu yadımıza salaq. Lakin elə biri idi ki, uşaqla uşaq, böyüklə böyük kimi davranırdı. Ona çox bağlı idim. İndi onun yoxluğuna öyrəşmək o qədər çətindir ki… Yoxluğu doldurula bilməz birini itirdim… Adil kimi bir insanın bacısı olmaq ancaq fəxrdir mənim üçün”.

Şəhidlər – dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsidir. Qəlblərdə azadlıq, istiqlal işığı yandıraraq əsarət buxovlarını qırıb dağıdan mərd igidlər, elimizin-obamızın ən qeyrətli ərləri, xalqımızın vüqarlarıdır. Bütün şəhidlərimizin qarşısında hörmətlə baş əyirəm.