Fevralın 25-də Avropa İttifaqının maliyyə dəstəyi ilə “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində kənd təsərrüfatı sahəsində dövlət və özəl sektor nümayəndələri, peşə məktəblərinin müəllim və mühəndis pedaqoji heyəti, fermer və sahibkarlar üçün yeni baxış və performans yönümlü İnnovativ Təlimlər silsiləsindən “Ölkəmizdə baramaçılığın inkişafı, məhsuldarlığın artırılması, qarşıda duran vəzifələr” adlı təlim təşkil edilib.

“Qərb Xəbər”in məlumatına görə, Bərdə şəhərində keçirilən təlimdə iştirakçılar Aqrar Unverstetin professoru Gülnar Bağırova tərəfindən Baramaçılıq haqqında ümumi məlumatlandırılıb, baramaçılıq mövsümünə hazırlıq, tut ipəkqurdunun yemləndirilməsi texnikası, barama sarınma mərhələsi, baramadan sapın açılması texnikası ilə bağlı geniş informasiya verilib, fikir mübadiləsi aparılıb. Təlimin sual–cavab hissəsində, iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.   
                                                      
Qeyd edək ki, “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi 2017-ci ilin oktyabr ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilir.