Sabah Azərbaycanda Novruzun ilk çərşənbəsidir.

“Qərb Xəbər”in məlumatına görə, artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır.

İnanca görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

Qeyd edək ki, Azərbaycanda martın 2-də Od, martın 9-da Yel çərşənbəsi qeyd olunacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.