Tovuz rayonunun Yuxarı Öysüzlü kəndinin “Çay Tirəsi” adlandırılan hissəsində sakinlərin dəfələrlə şikayətinə baxmayaraq, təbii qazın verilməsi və qeyri-standart elektrik  dirəkləri  problemləri öz aktuallığını saxlayır.

“Qərb Xəbər”in məlumatına görə, sakinlər artıq kimə müraciət edəcəklərini bilmirlər. Bu əraziyə təbii qaz xətləri sakinlərin səyi və vəsaiti nəticəsində çəkilsə də, verilməsində gecikmələr  yaşanır. Təbii qaz olmadıqda isə bütün diqqətlər ənənəvi yanacaq olan oduna çevrilir. Bu da həm ekologiyamıza ziyan vurur, həm də odun qiymətlərinin baha olması sakinlərə maddi baxımdan çətinliklər yaradır.

Sakinlərin bir digər şikayəti isə standartlara uyğun olmayan elektrik dirəkləridir. Ərazidə  olan və təhlükəli bu dirəklər ətrafda yaşayan insanlara dəfələrlə yüngül xəsarət yetirib və mal-qaraları cərəyan vurması nəticəsində tələf olub.

Yerli sakinlər “Azərişıq” ASC-nin Tovuz rayon şöbəsinə dəfələrlə şikayət etsələr də, nə bir nəticə, nə də bir dəyişiklik olub.