Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, Ermənistanın atəş açması nəticəsində fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizə gəlib və artıq bir aya yaxındır ki, nazirliyin psixoloqları ilə birgə paytaxtda çalışırlar.

FHN-nin yaydığı məlumata görə, fevralın 26-dan etibarən Türkiyə Respublikasından olan psixoloq mütəxəssislərin iştirakı ilə Bakı şəhəri ilə yanaşı, Gəncə və Bərdə şəhərlərində də müharibədən və Ermənistanın atəş açması nəticəsində fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq.

Xatırladırıq ki, bu regionlarda yaşayan vətəndaşlar qeydiyyat üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edə bilərlər.

Qeyd edək ki, psixoloq mütəxəssislərin qəbulu ödənişsiz həyata keçirilir.