“Virtual dərslərə girməyən müəllimlər nəzarətdə saxlanılırlar”. 

Bu sözləri bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib. Onun sözlərinə görə, həm şagirdlərin, həmçinin də müəllimlərin onlayn dərslərdəki davamiyyəti məktəblər tərəfindən nəzarətdə saxlanılır:

“Düşünürəm ki, hər bir şəxs sosial məsuliyyətini dərk etməlidir. Bəzi müəllimlərin internetə çıxış imkanı yoxdur. Düzdür, biz müəllimlərin hər birini sistemdən görürük, amma hər biri ilə bağlı araşdırma mümkün deyil. Bir həftədə 6,2 milyon onlayn dərs verə bilmişik, bu kifayət qədər yaxşı dinamikadır”.

Xatırladaq ki, Təhsil Nazirliyinin mətbuata açıqlamasında virtual dərslərə qoşulmayan müəllimlərlə növbəti illərdə bağlanacaq əmək müqaviləsi zamanı bu amilin nəzərə alınacağı bildirilmişdi.