Azərbaycanda nikahın pozulması həm məhkəmə qaydasında, həm də müvafiq icra hakimiyyəti orqanında – Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində mümkündür.

“Report” nikahın pozulması halları ilə bağlı qanunvericiliyin tələblərini araşdırıb.

Hüquqşünas Rəşad Əliyev bildirir ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları yoxdursa və hər ikisi razıdırsa, bu halda, nikaha müvafiq icra hakimiyyəti orqanında, yəni ZAQS kimi tanınan qeydiyyat şöbələrində xitam verilə bilər.

Hansı halda “ZAQS” nikaha xitam verir?

“Bundan başqa, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olsa belə, ər, yaxud arvad məhkəmə qaydasında itkin düşmüş, qabiliyyəti olmayan hesab edildikdə, cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda onlardan birinin ərizəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti həyata keçirilir. Bu zaman ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi və uşaqlar barədə yaranan mübahisələrə isə məhkəmə qaydasında baxılır”, – R.Əliyev bildirir.

Nikahın məhkəmə qaydasında pozulması

Hüquqşünas əlavə edir ki, qeyd edilən hallardan başqa, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda, yaxud tərəflərdən biri nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur:

“Razılığı olduğu halda, onlardan biri qeydiyyat şöbəsində nikahın pozulmasından yayındıqda da nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

Tərəflərdən birinin əriəsinə əsasən işə baxan məhkəmə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyünü müəyyən edilərsə, nikah məhkəmə qaydasında pozulur”.

Rəşad Əliyev

Rəşad Əliyev

Məhkəmə uşaqlara görə 3 ay vaxt verir

Nikahın pozulması ilə bağlı işlərdə müddətlərə gəlincə R.Əliyev deyir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah səbəbləri məhkəmə qaydasında araşdırılmadan, ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir:

“Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Bu müddət ərzində barışıq olmadıqda, yaxud onların hər ikisi və ya biri nikahın pozulmasında təkid etdikdə nikah pozulur”.

Uşaqların kimlə qalması, aliment və əmlak məsələləri

Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə saziş təqdim edərək, yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların, ehtiyacı olan, əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını, ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edə bilərlər.

Belə saziş olmadıqda, yaxud təqdim edilən saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə bu məsələləri özü müəyyən edir.

Nikah nə zaman xitam olunmuş sayılır

Nikah qeydiyyat orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən nikaha xitam verilmiş sayılır.

Nikah məhkəmə qaydasında pozulduqda isə xitam verilmə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən sayılır.

Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır.

Məhkəmə qətnaməni qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına çıxarış göndərməyə borcludur.

Tərəflər nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməzlər.