Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsi dövründə ermənilərin əsir götürdüyü hərbi qulluqçularının mətbuat konfransı keçirilib.

Reportun xəbərinə görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində baş tutan tədbirdə ermənilərin Azərbaycan hərbçilərinə verdikləri işgəncələrə, məruz qaldıqları qeyri-insani davranışa dair faktlar açıqlanıb.

Mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Əhmədzadə Mobil İlqar oğlu bildirib ki, əsirlikdə olan vaxtı işgəncələrə məruz qalıb: “Düşmən tərəfindən beynəlxalq hüquqa riayət olunmur. Əsirlikdə olan zaman müharibənin bitdiyini bilmirdim. Dekabrın 10-da gördüm ki, ermənilər televizorda bizim parada baxırlar. Ermənilər isə Paşinyan, Paşinyan qışqırırdılar. Fikirləşdim ki, Ordumuz qələbə çalıb ki, bu cür hallar baş verir”.

Erməni əsirliyində olmuş digər hərbi qulluqçu Kərimov Bayram Yaşar oğlu əsirlikdə olan zaman işgəncələrə məruz qaldığını deyib: “Toka verirdilər və s. işgəncələr edirdilər. Vətənə qayıdan zaman ayaqlarım işləmirdi. Əgər ayaqlarım işləsəydi, torpaqlarımızı öpərdim”.

Erməni əsirliyində olmuş hərbi qulluqçu Əlizadə Nurlan Mehman oğlu da işgəncələrdən danışıb: “Vətən müharibəsi zamanı hamımız bir olduq. Təəssüflər olsun ki, düşmən əlinə keçdim. Mənə elə işgəncələr verirdilər ki, danışılası deyil”.

Erməni əsirliyində olmuş hərbi qulluqçu Ələkbərov Ömər Teymur oğlu əsirlikdə yaralı halda qandallı saxlanıldığını söyləyib: “Bizə işgəncələr verirdilər, qeyri-insani münasibət göstərirdilər. Deyirdilər ki, biz deyəcəyik, sən təkrarlayacaqsan. Bəli, mən onların dediyini təkrarlayırdım, ancaq özlərinə qarşı. Mənə çox işgəncələr veridilər ki, niyə bizdən qorxmursunuz?”

Erməni əsirliyində olmuş hərbi qulluqçu Əliyev Anar Hidayət oğlu həkimlərin etdiyi hərəkətləri unuda bilmədiyindən bildirib: “Bizə əsirlikdə həkimlərin etdiyi hərəkətləri hələ də unutmuram. Həkimlər qolumu yanıdırdılar, işgəncə verirdilər. 12 gün əsirlikdə oldum. Yatanda gəlib təpiklə vururdular ki, niyə yatmısan? Bir saat belə yata bilmirdim”.

Erməni əsirliyində olmuş hərbi qulluqçu Həmidov Nahid Yaşar oğlu isə əsirlikdə olan vaxtı bir neçə gün pəncərəsiz və işıqsız yerdə saxlanıldığını deyib: Bizə qarşı qeyri-insani hərəkətlər edirdilər. Hətta bizi Allahın suyuna belə möhtac qoyurdular. Onlar 1992-93-cü illərdə etdiyi terror aktlarını sadalayıb, fəxr edirdilər”.