Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmətləri davam etdirir.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, növbəti aqrar səyyar xidmət Şəmkir rayonunun Ağlavaşlı, Bayramlı, Çaykənd, Dağ Cəyir, Keçili, Könüllü, Mahmudlu, Qapanlı, Qaracəmirli, Qasımalılar, Qılıncbəyli, Sabirkənd, Sarıtəpə, Seyidlər, Yeni Göyçə kəndlərində təşkil olunub. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər.

Fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri tələb olunur.

Mikroavtobuslar növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

Həftə ərzində Şəmkir rayonunun digər kəndlərində də mikroavtobuslar vasitəsilə səyyar aqrar xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar xidmət mikroavtobusları vasitəsilə qrafik üzrə bütün rayonlarda xidmətin təşkili həyata keçirilir. Xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.