Gəncə Şəhər Prokurorluğunun əməkdaşı Əlizadə Yüksəl İlqar oğlu Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Yüksəl Əlizadə 1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı, mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb.

O, 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.

2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!