Avropa İttifaqının maliyyə dəstəyi ilə “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” Layihəsi çərçivəsində həyata keçirilən Usta yanında Şəyirdlik (Apprenticeship) proqramı ilə əlaqədar, dünən Bərdə şəhərində bitkiçilik üzrə regional mütəxəssislərlə görüş keçirilib.

“Qərb Xəbər”in məlumatına görə, görüş zamanı regiondan olan işəgötürənlər və mütəxəssislərlə fikir mübadiləsi aparılıb, şəyirdlik proqramının icra olunması istiqamətində müzakirələr edilib. Layihə eksperti Səbinə Ədilova bildirib ki, “Usta yanında Şəyirdlik” proqramı “Bitkiçilik mütəxəssisi” ixtisası üzrə təhsil proqramının əsas hissəsidir. Bu proqram modullar üzrə tələbələrin əsas peşə səriştələrinin əldə edilməsinə xidmət edir. Eyni zamanda praktik dərslərin işəgötürən müəssisədə təşkil edilməsi tələbələrin iş yerinin əsas xüsusiyyətlərini dərk etmək, komanda halında çalışmaq vərdişlərini formalaşdırır. Proqrama kursun mənimsənilməsinin nəticələrinə verilən tələblər, tələbələrin ümumi və peşə səriştələri daxil edilə bilər. Bu “Usta yanında Şəyirdlik” proqramına dərs saatları haqqında məlumat, proqramın məzmunu və quruluşu, işçi tədris planı və kurslar üzrə usta yanında şəyirdliyin PTT elementləri daxil edilməklə illik tədris – təqvim qrafikləri daxil edilib.

Qeyd edək ki, “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi 2017-ci ilin oktyabr ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilir.