Qazax sakinləri dələduzluq hadisəsi ilə üzləşiblər. Belə ki, özünü “AzSığorta”nın əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər sürücü kimi işə götürmək adıyla iki rayon sakininin 240 manat pulunu mənimsəyib.

Bunu “Qərb Xəbər”ə müraciət edən Qazax sakini, Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu iddia edib.

O bildirib ki, özünü “AzSığorta”nın şöbə müdiri kimi təqdim edən Rasim Həsənov adlı şəxs ona zəng edərək köməyinə ehtiyacı olduğunu bildirib və qərb bölgəsində onlarla birlikdə çalışacaq iki sürücü təklif etməsini istəyib: “Nömrəmi QHT şurasından aldığını bildirdi. Hörmətlə danışdı. Mən də Qazax rayon Çaylı kənd sakinləri Ə.Ə və X.Q-nın (ad şərtidir – red.) onlarla işləməyə uyğun olduqlarını bildirdim; çünki özünü Rasim Həsənov kimi təqdim edən şəxs sürücülərin maksimum 5 il iş təcrübəsinin və üzərlərində məhkumluq olmamasının vacib şərt olduğunu bildirmişdi”.

M.Göyüşoğlunun dediyinə görə, bundan sonra onlar Ə.Ə və X.Q-nı koronavirus (COVİD-19) testindən keçmək üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına dəvət ediblər: “Rasim Həsənov onlara hazırda ərazidə olan Natiq adlı şəxsin nömrəsini verib ki, əlaqə saxlayıb görüşsünlər. Əlaqə saxlayıblar. Natiq adlı şəxs onlara koronavirus (COVİD-19) testindən keçmək və digər xırda sənədləşmə xərclərini qarşılamaq üçün YeloBankda (keçmiş Nikoil bank) olan “235-574 4FX-3M80” saylı hesaba hərəsinə 120 azn olmaqla 240 azn ödəniş etmələrini tövsiyə edib. X.Q və Ə.Ə tələb olunan vəsaiti ödədikdən sonra Natiq adlı şəxsə zəng çatmayıb. Rasim Həsənov isə ödəniş olunan günün axşamı mənim zəngimə cavab verib bildirdi ki, X.Q və Ə.Ə-dən başqa işə götürüləcək digər üç nəfər təyin olunan ünvana (Tovuz Rayon Mərkəzi Xəstəxanasına – red.) gəlmədiyi üçün görüş baş tutmayıb, biz səhər Qazaxda onlarla görüşəcəyik. Mən dedim, axı Qazax Rayon Mərkəzi Xəstəxanasında koronavirus testi ödənişsizdir. O, Bakıda Neftçilər Xəstəxanası ilə müqavilələri olduğunu, testin ödənişli olacağını, testin nəticələrinin onlar tərəfindən açıqlanacağını söylədi. Bu telefon əlaqəsindən sonra Rasim Həsənova da zəng çatmadı”.

İddiaçı şəxs onu da əlavə edib ki, ödəniş qəbzində göstərilmiş bank hesabı Əliyehdərov Səbuhi Zeynal oğlunun adınadır. “Vergilər” qəzetinin xüsusi buraxılışında (№47 (409) 7 dekabr 2017) Əliheydərovun eyni gündə – 10 avqust 2017-ci il tarixlərində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev Prospekti, ev 46, mənzil 1-i hüquqi ünvan göstərməklə “Hemza44” MMC, “Tera Group” MMC, “FTF-600 Group” MMC və “Koba Group” MMC-ni dövlət reyestr xidmətindən qeydiyyatdan keçirdiyi görünür.

Məhərrəm Göyüşoğlu məsələylə bağlı Qazax Rayon Prokurorluğuna müraciət edəcəklərini bildirib.