Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı, “Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncama uyğun olaraq Dövlət Komissiyası və müxtəlif regionlar üzrə 9 işçi qrupu yaradılıb. Həmin qruplar artıq yerlərdə işə başlayıb.

“Report” işçi qruplarının bəziləri ilə əlaqə saxlayaraq işlərin gedişi ilə maraqlanıb.

Tərtər üzrə İşçi Qrupun rəhbəri Qubad Heydərov: “Dünəndən Tərtərdəyik. Bu rayon Ermənistanın təcavüzündən ən çox ziyan çəkmiş yerlərdəndir. Fərdi evlərə, dövlət qurumlarının binalarına böyük ziyan dəyib. Hələ ki, ilkin baxışlar keçirilir. Çalışacağıq ki, işimizi sərəncama uyğun olaraq dekabrın 10-a qədər yekunlaşdıraq. Gündəlik Nazirlər Kabinetinə hesabatlar təqdim edəcəyik. Artıq bu gündən məlumatlar toplanır. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) portal yaradacaq və həmin portalda erməni təcavüzündən ziyan dəymiş bütün rayonlarla bağlı məlumatlar yerləşdiriləcək”.

Beyləqan üzrə İşçi Qrupunun rəhbəri Samir Şahhüseynli: “Dünəndən Beyləqandayıq. Sərəncamla bağlı lazımi göstərişlər verilib və koordinasiya müəyyən edilib. 15 yerdə baxış keçirmişik. Baxış aktlarını tərtib edirik. Bizim məlumatlar aidiyyəti strukturlara veriləcək və bundan sonra ilkin varianta onlar baxacaq. Beyləqanda əsasən yaşayış yerlərinə ziyan dəyib. Hesab edirəm ki, 65-70 sayda ziyan dəymiş yerlər var”.

Qeyd edək ki, Tərtər və Beyləqanla yanaşı, işçi qrupları Gəncə, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Goranboy, Naftalan və Mingəçevirdə də fəaliyyət göstərir.