Ermənistan siyasi rəhbərliyi 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində 160-dan çox müxtəlif qiymətli metal yatağını qanunsuz olaraq kortəbii istismar edib.

Bu barədə məlumatı AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor Musa Məmmədov yayıb.

Onun sözlərinə görə, ən çox yataqlar Zəngilan, Laçın, Ağdərə, Xocavənd rayonlarının ərazilərindədir.

M.Məmmədov əlavə edib ki, Zəngilandakı qızıl yatağı ermənilər və onların havadarları tərəfindən vəhşicəsinə, heç bir müasir texnologiya istifadə edilmədən ekoloji tarazılığı pozmaqla istifadə edilib. Bu yatağın ehtiyatı bu və ya digər dərəcədə qismən aparılıb.

Alim qeyd edib ki, Kəlbəcər və Laçında müalicəvi əhəmiyyətli mineral su ehtiyatları da erməni vandalları tərəfindən vəhşicəsinə talan edilib. Ümumilikdə işğal edilmiş Azərbaycan ərazilərindəki yataqların istismarında həm xarici korporasiyalar, həm də ofşor zonalarda saxta şirklətlər yaratmaq yolu ilə Ermənistanın siyasi rəhbərliyi də iştirak edib.

Geoloq bildirib ki, işğaldan tam azad olunmuş Qarabağ ərazisinin yeraltı və yerüstü sərvətlərinin mövcud vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını qiymətləndirmək, geoloji-kəşfiyyat işlərini müasir üsullarla aparılmaq üçün elmi tədqiqatlar aparılmalıdır.

Mütəxəssis bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AMEA ilə birgə çalışmasını zəruri hesab edir.