Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.  

Ermənilər dinc əhalini və mülki infrastrukturu hədəfə alaraq Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə mərmilər və qadağan olunmuş bombalar atır. Onların Goranboy rayonunun Meşəli kəndinə atdığı “Smerç” raketi yaşayış məntəqəsinə yaxın əraziyə düşüb. Atılan raketlərdən ayrılan iki bombacıq partlamayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Bəhruz Namazov APA-ya bildirib ki, ANAMA-nın təcili və təxirəsalınmaz əməliyyat axtarış qrupu əraziyə cəlb olunub və müvafiq tədbirlər görülüb. Hazırda həmin bombacıqların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir.