Məlum olduğu kimi, beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən edilmiş ağır artilleriya və raket hücumları nəticəsində şəhər sakinləri arasında çoxsaylı ölənlər və yaralananlar olub, mülki evlərə, tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə ciddi ziyan dəyib. Qeyd edilən hücumlar zamanı zərərçəkmiş şəhər sakinlərinin və onların yaxınlarının psixioloji sağlamlığına da ağır zərbə vurulub.

“Report” xəbər verir ki, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü və “Təmiz Dünya” İctimai Birliyinin dəstəyi ilə Gəncə şəhərinə hücum nəticəsində zərər çəkmiş uşaqlara və digər vətəndaşlara psixioloji yardım həyata keçirilib. Əsas məqsəd zərərçəkmiş şəxslərin post-travmatik stress mərhələsindəki psixoloji sağlamlıq durumlarının düzəlməsinə yardım etmək və onlara normal həyata adaptasiya olunma istiqamətində dəstək verməkdən ibarət olub. Bu məqsədlə “Təmiz Dünya” İctimai Birliyinin psixoloqu Xatirə Səfərova və Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tərəfindən Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində hər iki valideyinini itirmiş uşaqlar-2 yaşlı Əliyeva Nilay Adil qızı, 16 yaşlı Əliyeva Sevil Anar qızı və 8 yaşlı Əliyev Hüseyn Anar oğlu ilə, həmçinin digər zərərçəkmiş ailələr və onların yaxınları ilə görüşlər keçirilib, ixtisaslaşmış psixoloji yardım göstərilib.

Qeyd edək ki, Ombudsman Səbinə Əliyeva həmin hadisələrlə bağlı Gəncəyə səfərləri zamanı zərərçəkmiş şəxslərə, o cümlədən uşaqlara baş çəkib, Gəncə Regional Mərkəzinin əməkdaşlarının onlarla mütəmadi görüşləri zamanı telefon əlaqəsi saxlayıb.