Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 rayonda şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlillərinə 14 fərdi yaşayış evi (o cümlədən İmişlidə 2, Ağstafada 3, Gədəbəydə 5, Kürdəmirdə 4 ev) təqdim edilib. 

Nazirliyin yaydığı məlumata görə, Kürdəmirin Karrar qəsəbəsində evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev iştirak edib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda – azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 650 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 96 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək.

Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8238 mənzil və fərdi ev təqdim edilib.