Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edir. 

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

Ermənilər yenə də dinc sakinləri hədəf almaq məqsədilə kəndləri atəşə tutur. Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Ağdam rayonunun ərazisindəki mağazalardan birinin qarşısına düşüb.

Ağdam sakininə məxsus mağaza, onun yaxınlığında olan kafe, çayxana və ət dükanına ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.