Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. 

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

Qarşı tərəf törətdiyi təxribatlardan yenə əl çəkmir və yenidən dinc əhalini hədəfə alıb. 

Ermənilərin növbəti dəfə atdığı top mərmiləri nəticəsində bir çox mülki evlər, mülki obyektlər, inzibati binalar, məktəblər və uşaq bağçalarına ziyan dəyib. 

Tərtər rayonunda məskunlaşmış Ağdərə rayonundan olan məcburi köçkün Neymət Ərəbov bildirib ki, ötən gün ermənilərin atdığı mərmilər nəticəsində evinə ziyan dəyib: “1991-ci ildən Tərtər rayonunda yaşayırıq. Burada 30 il müddətinə ərsəyə gətirdiyimiz evi ermənilər top mərmiləri ilə dağıtdı. Mənfur düşmənlər yalnız dinc əhalini hədəf alır. Çünki onlar Ordumuzla bacarmırlar. Allah Azərbaycan Ordusunu qorusun, sona qədər döyüşüb torpaqlarımızı işğaldan azad etsinlər. Düşmənin atdığı mərmi evimizin içərisinə düşərək partladı. Evdə olan əşyaların hamısı ələgəlməz vəziyyətdədir. Hətta bir çox qonşularımızın evinə də ziyan dəyib. Bu dağıntılar bizdən ötrü heç nədir. Allah xalqımızı, əsgərlərimizi saxlasın”.

Qeyd edək ki, dünən – oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Hazırda döyüşlər davam edir.