Sentyabrın 10-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirib.

“Qərb Xəbər”in məlumatına görə, mərkəzin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri Yazgül Abdıyeva mətbuata açıqlamasında bildirib ki, Səyyar Klinika Azərbaycanın ucqar rayonlardan olan Gədəbəy rayonu sakinlərinə tibbi xidmət göstərib. Tibbi müayinə sosial izolyasiya qaydaları qorunaraq təşkil edilib.

Aksiyanın məqsədi operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Qey edək ki, Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunmuş Səyyar klinika yaradılıb. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçir. Əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə, hətta əməliyyat olunmasıdır.