İyun ayında Ağstafa rayonunda polis şöbəsinin rəisi əvəzlənərək bu vəzifəyə Vüqar Xəlilov təyin olunub. Vüqar Xəlilov bundan əvvəl Gəncə şəhəri Kəpəz rayon polis şöbəsinin rəisi vəzifəsində çalışıb.

Rəisin özü ilə gətirdiyi Arif adlı müavin isə rayona gələndən bir çox məsələlərdə “arif” adam olduğunu nümayiş etdirir. Bu barədə “Qərb Xəbər”ə daxil olan məlumatda bildirilir:

 “Yeni rəisin müavini şəxsiyyət vəsiqəsi almaq istəyən əhalini saatlarla şöbənin qabağında növbədə gözlədir. Belə ki, V.Xəlilov rayona rəis təyin olunandan qabaq polis şöbəsində passport masasının ayrıca qapısı var idi. Onda insanlar uzun-uzadı növbə gözləmirdilər, rahat şəkildə o qapıdan keçirdilər. Sonradan əhaliyə açıqlanmayan səbəbdən həmin qapını qaynaqla qabadıb insanları şöbənin həyətindən hərəkət etməyə məcbur etdilər.

Belədə biri-birindən qabağa düşməyə çalışan maskasız insanlar arasında sıxlıq yarandı, sosial məsafə pozuldu. Bu isə hər şeydən öncə ölkənin koronavirus (COVİD – 19) pandemiyası ilə mübarizə apardığı bir dövrdə qətiyyən yolverilməz haldır.

Ümid edirik ki, Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib əhalinin işini asanlaşdıracaq”.