Gədəbəydə qadına qarşı soyğunçuluq edilib. Cinayəti törədənlər bir ailənin üzvləridir.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ata və oğlunun müxtəlif ərazilərdə analoji cinayətlər törətdiyi də məlum olub.

Şabran rayon sakini Natiq Zülfüqarov yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə Gədəbəy rayonunda soyğunçuluq edib. Ata və oğul parkda gəzən qadının cibində pul gördükdən sonra onu izləməyə başlayıblar. Qadını yaşadığı ünvana qədər təqib edən “qəhrəmanlar” orada öz niyyətlərini reallaşdırıblar.

Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini deyiblər. Bundan başqa, istintaq zamanı atanın Şəmkir rayonu ərazisində oğurluq etdiyi, yetkinlik yaşına çatmayan oğlunun isə Bakıda soyğunçuluq törətdiyi məlum olub.

Hər iki şəxs barəsində Gədəbəy rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.