Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 54 dəfə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən Azərbaycan mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.