Ağstafada neolit dövrünə aid yeni yaşayış məskəni və maddi mədəniyyət nümunələri aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspediyası ərazidə qazıntıya bu il başlayıb. Burada 8 min il bundan əvvəl yaşayışın mövcud olduğunu Neolit dövrünün ən qədim mərhələsinin izlərinə rast gəliblər.

“Qərb Xəbər”in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspediyası Ağstafada Neolit dövrünün ən qədim mərhələsinə aid yaşayış yeri aşkar ediblər.

Çağrı təpə adlanan neolit dövrü qədim yaşayış məskəni və buradan tapılan daş qalıqlarından ibarət müxtəlif alət və məişət əşyaları onu sübut edir ki, ərazidə 8 min il bundan əvvəl intensiv yaşayış olub. İlkin analizlərə görə ərazinin qədim sakinləri buranın təbii sərvətləri və çay ətrafı olduğuna görə burada kompkakt yaşayıblar.

AMEA-NIN Ekspedisiya rəhbəri Nəcəf Müseyibli bildirib ki, həm sovet dövründə, həm də sonrakı illərdə aparılan araşdırmalar zamanı əraizinin bütövlükdə  qərb bölgəsində neolit dövrü məskunlaşması problemləri tədqiq edilir.

Son araşdırmalar zamanı aşkar edilmiş daş məmulatları və digər bütün qalıqlar və aparılan qazıntıların nəticəsində edilən analizlər onu göstərir ki, bu ərazidə neolit dövrü insanları məskunlaşıb və neolitin ən qədim mərhələsinin izlərini aşkara çıxara bilirik.

Hazırda ərazidə arxeoloji qazıntılar davam edir. Tapılan maddi mədəniyyət nümunələri analiz və dəqiq tədqiq edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna göndəriləcək.