Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Rusiya Müdafiə naziri Azərbaycanda keçiriləcək “Dəniz kuboku” Ordu oyunlarının açılış mərasimində iştirak edəcək. 

“Qərb Xəbər”ə açıqlamasında səfərin hərbi-siyasi tərəflərini şərh edən politoloq İlyas Hüseynov bildirib ki, təşəbbüsçü tərəf Azərbaycandır:

“Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq siyasəti mövcuddur. Rusiya Azərbaycanın siyasi, iqtisadi, hərbi, enerji tərəfdaşıdır və bizim bir sıra ortaq layihələrimiz var. Bu layihələr demək olar ki, bütün sahələri əhatə edir. O cümlədən, hərbi əməkdaşlıq da öz aktuallığını qoruyur. Azərbaycan Silahlı Qüvvələri öz arsenalını Rusiyada istehsal olunan silahlarla da təmin edir. Bu silah tədarükünün qiyməti milyardlarla ABŞ dolları ilə ölçülür”.

Politoloqun fikrincə, Azərbaycanla Rusiya arasında tez-tez bir sıra hərbi məsləhətləşmələr olur, fikir mübadiləsi aparılır:

“Rusiyanın Cənubi Qafqazdakı maraqları hamı üçün aydındır, Azərbaycan da Rusiyanın maraq dairəsində olan dövlətlərdəndir. Ona görə də Rusiya xarici siyasətində qonşu dövlətlərlə əlaqələrə üstünlük verir. Hazırda Azərbaycanla da əlaqələri daha da genişləndirmək niyyəti güdürlər. Belarusda, Gürcüstanda, Ukraynada olan hadisələr  fonunda Azərbaycan Rusiyanın etibarlı tərəfdaşı kimi özünü göstərir. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olan Rusiyanın bu məsələdə olan mövqeyi və marağı bizim üçün çox önəmlidir. Bu nöqteyi-nəzərdən, Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlıq hər iki dövlətin maraqlarına uyğundur”.