Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə, Vayk rayonunun Barsruni kəndindən yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.