Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

“Qərb Xəbər”in məlumatına görə, bayram miladi təqvimlə iyulun 31-nə təsadüf edir.

Bu il koronavirus pandemiyası səbəbindən ölkənin bütün məscidləri bağlı olduğundan Qurban bayramı namazı qılınmayacaq. Qafqaz Müsəlmanları İdarəsi bayram namazlarının ailə daxilində qılınması məqbul hesab edib.

Eyni zamanda bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilən yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.  

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az).

Xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur.

Məlumat üçün bildirək ki, Azərbaycanda 31 iyul və 1 avqustda Qurban bayramı qeyd ediləcək. Bayramın ikinci günü həftənin şənbə gününə düşür. Beləliklə, bayram günü ilə istirahət günü üst-üstə düşdüyündən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü ilk iş günü olacaq.