Azərbaycanda yeni siyasi partiya yaranır.

“Qərb Xəbər”in məlumatına görə, partiyanın yaradılması barədə bəyanat yayılıb. Bəyanatda deyilir:

“Dəyərli xalqımız!

Yaşadığımız çətin günlərdə Azərbaycanda azad və demokratik dövlət qurulmasını amalı sayan vətəndaşlarımızın ən böyük arzusu ərazi bütövlüyümüzün bərpasıdır.

Gənc dövlətimiz müstəqilliyini bərpa etdiyi gündən yeni iqtisadi və siyasi sistemi qurmaq, baş vermiş işğal səbəbindən amansız düşmənlə savaşmaq, itirilmiş torpaqları geri qaytarmaq, qonşu dövlətlərlə münasibətləri nizamlamaq, ən əsası, dövlətçilik ideologiyası zəminində yeni vətəndaş yetişdirmək, şəffaf cəmiyyətin əsas atributlarından olan vətəndaş institutlarını yaratmaq, Sovetlər Birliyinin dağılması nəticəsində yaranan çoxsaylı sosial çətinlikləri aradan qaldırmaq kimi böyük problemlərlə üzləşib.

Son 30 ildə Azərbaycanda demokratik institutların formalaşması, yuxarıda sadalanan problemlərin çözülməsi məqsədilə 50-yə yaxın siyasi partiya və yüzlərlə qeyri-hökumət təşkilatı yaradılıb. Buna baxmayaraq, ölkədə yaranmış ideoloji boşluq bir çox vətəndaşın öz siyasi düşüncəsini arzuolunan səviyyədə ifadə etməsinə imkan vermir. Artıq Azərbaycanda yeni təfəkkürə sahib parlaq nəsil yetişməkdədir. Düşünürük ki, Azərbaycan siyasi məkanında formalaşmış müsbət ənənələrə sadiq qalmaqla dəyişən çağın tələblərini nəzərə alaraq, yeni ideoloji-siyasi təşkilata, yeni nəfəsə ehtiyac duyulur.

Bu səbəbdən də bir qrup vətənsevər, sağ mərkəzçi, demokratik prinsiplərə sadiq, aktiv ictimai-siyasi şəxslər olaraq ölkəmizin gələcəyi ilə bağlı baxış və niyyətlərimizin birləşdiyi yeni siyasi təşkilatı – Azərbaycan Yüksəliş Partiyasının (AYP) Təşəbbüs Qrupunu elan edirik.

Yeni siyasi qurum aşağıdakı məramları rəhbər tutur:

1. Milliyyətçilik;

2. Parlamentli respublika idarəçiliyi;

3. Sosial ədalət;

4. Sosial mühafizakarlıq – dini, mədəni, etnik irsin qorunması;

5. Sekulyarizm – dinin dövlət idarəçiliyindən ayrı olması;

6. İrredentizm – tarixi torpaqların geri qaytarılması.

Bəyan edirik ki, vətənsevər, böyük və güclü Azərbaycan arzusunda olan hər bir vətəndaş Təşəbbüs Qrupuna qatılaraq siyasi təşkilatın quruculuğunda iştirak edə bilər”.

Qeyd edək ki, Təşəbbüs Qrupunun cavabdeh şəxsləri politoloq Anar Əsədli, tarixçi Bəhrəm İsmayılov və jurnalist Aygün Muradxanlıdır.