Mərkəzi Bank kommersiya banklarına təlimat göndərib ki, 500 dollardan çox xarici valyuta alan şəxslər xüsusi blankı dolduraraq vəsaitin mənbəyi, alınma məqsədləri barədə məlumatlar, eləcə də özünə aid şəxsi məlumatları təqdim etməlidirlər.

20 min manat ekvivalentindən yüksək məbləğdə xarici valyuta alan şəxslər Maliyyə Monitorinq Xidmətinin nəzarəti altına düşəcək.

Xarici valyuta əhalnin və biznesin yığım kimi istifadə edə biləcəyi aktivlərdən biridir.

Onda hökumət belə eləsin: mənzil alan, maşın alan, müəssisə yaratmaq üçün sərmayə qoyan hər kəsdən vəsaitin mənbəyi tələb olunsun.

Məntiqi yanaşsaq, dollar almaqla mənzil və ya avtomobil almağın arasında niyə fərq olsun ki? Hər ikisi aktiv deyilmi? Qanunsuz yolla qazandıqları para ilə məmur balasını 150 min dollarlıq maşın alanda, 500 min dollarlıq villa tikəndə pulun mənbəyilə bağlı sorğu-sual etməyə niyə ehtiyac olmasın ki? Oğurlayıb bahalı maşın almaq olar, dollar yox?

Siz belə fərqli yanaşmada məntiq görürsünüzmü?
Yaxud eyni məntiqlə xaricdə övladının təhsilinə hər il 50 min dollar pul transfer edəndə də pulun mənbəyi niyə soruşulmasın ki?

Hətta sizə başqa təklif də verim: sovetlər dönəmində həyətinə daş hasar çəkən, dəmir çardaq bağladan kolxozçunu belə həmin daşı, sementi, dəmiri hardan alması barədə çək-çevirə salırdılar. Bu sistemi də bərpa etsək, köhnə sovet vətəndaşı kimi nostalji duyğularımızın üzərinə sərin su səpərik).

Bu qadağa və sərt nəzarətin ən böyül fəsadı qara bazarın dirilməsi ola bilər. Yüksək marja ilə qeyri-rəsmi valyuta alışının canlanma riski böyükdür…

Eləcə də ev təsərrüfatları və biznes üzərində belə sərt adminstrativ nəzarət investorların ölkəyə onsuz da çox zəif olan inamının qalıqlarını da məhv edir.