İyunun 15-də axşam saatlarında Rusiya-Azərbaycan sərhəddinin Dağıstandan keçən hissəsində sərhədi qarşı tərəfə keçmək istəyən Azərbaycan vətəndaşları ilə polis arasında gərginlik yaşanıb.

“Qərb Xəbər” saytına sərhədi Azərbaycan tərəfə keçmək istəyənlərin yaxınları tərəfindən daxil olan məlumata görə, hadisəyə səbəb dünən sərhədi keçməli olanların 120 nəfərlik siyahısının açıqlanması olub.

Belə ki, siyahı oxunan zaman Azərbaycan vətəndaşları adıçəkilənlərin orada olmadığını bildirib etiraz ediblər. Bu zaman polis onlara siyahının Azərbaycan hökuməti tərəfindən göndərildiyini bildirib, buna baxmayaraq etiraz edənlər sakitləşməyib. Nəticədə OMON havaya atəş açıb. Buna cavab olaraq Azərbaycan vətəndaşları polisə qarşı hücum edib.

Polis etirazçıları yerə uzadaraq zor tətbiq edib. Etirazçılar arasında güllə yarası alanların, döyülərək halı pisləşənlərin olduğu da bildirilir. Onlar təcili yardım maşını ilə aparılıb. Yaşayıb-yaşamadıqları bilinmir.

Etirazçılar arasında Qazax, Ağstafa Tovuz rayon sakinləri də var. Aşağıdakı fotolardan onların da döyüldüyü, müxtəlif cür bədən xəsarətləri aldığı məlum olur. Hazırda ailələri narahatdır, onlar arasında övladlarından xəbər ala bilməyənlər də var.

Qeyd edək ki, aprel ayında xarici ölkələrdən Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qeydiyyatdan keçməsi üçün yaradılan “Evə gedirəm” portalı fəaliyyətə başlayıb.

İlkin mərhələdə bu portal vasitəsilə məhz Azərbaycanın Rusiyada yaşayan vətəndaşlarının qeydiyyatdan keçərək ölkəyə qayıtmaq imkanı əldə edəcəkləri nəzərdə tutulsa da, hazırda Rusiya-Azərbaycan sərhəddində Vətənə qayıda bilməyən onlarla Azərbaycan vətəndaşı var.