Aveyin ətəyindəki səngər yerlərinə hələ də “Villinin blindajı” deyirlər. Erməni postlarının bir addımlığında yerləşən həmin blindaj indi incəlilərin, necə deyərlər, piknik yeridir. Buranı, öz blindajını qoruyub saxlayıb Villi neçə illərdir. Hə, bu piknik yeri 30 il öncə müharibə adlanan lənətə gəlmişin tam mərkəzi idi. Villi və onun batalyonu ermənilərə bir qarış torpaq vermədilər o illərdə. Onların bir hücumuna on qat artıqlamasıyla cavab verirdilər. Bu sufi məkanı, sirli-sehrli İncə dərəsinin insanları məhz onun özünümüdafiə batalyonunda birləşmişdilər. Və deyilənə görə, Azərbaycanda ən intizamlı üç batalyondan biri olub Omarovun batalyonu. Vilayət Omarovun, Villi ləqəbli, indi unudulmuş komandirin.

***

– O, bizim əfsanəmizdi. Adam müharibənin elə bir nöqtəsi olmayıb ki, orda vuruşmasın. Daşaltı, Kərkicahan, Drmbon (Heyvalı), Şuşa, Laçın… haralarda olmadı ki? Hələ Çaykənddə gedən döyüşləri demirik.

Bunu Nofəl deyir. Villinin batalyonunda döyüşmüş Nofəl Məmmədov.

…Həmin gün atasının qırxını verən kimi dərhal cəbhəyə qayıtmışdı. Məlum olmuşdu ki, ermənilər Todan kəndinə od vurublar.

Bunu döyüş dostları danışır bizə. Vilayət Todana qayıdanda döyüşdə ən sevimli döyüşçüsu, sonradan Milli Qəhrəman adına layiq görüləcək Rövşən Quliyevin şəhid olduğunu biləcəkdi. Danışırlar ki, Vilayət dərhal əməliyyat planı hazırlayıb, Rövşənin qisasını alacağını deyir.

Şaxtalı dekabr günündə özü ilə 4 döyüşçü götürür, yanıb tüstülənən Todana üz tutur. Planı Erkəc kəndindən keçib, Todanın yuxarı hissəsində yerləşən yüksəkliyi ələ keçirmək idi. Adam yaşamadığından kəndin həyət-bacası yabanılaşmışdı. Erkəcin yuxarı hissəsindən keçəndə gözü telefon dirəyinə sataşır. Telefon xəttini dartıb qırır ki, postla əlaqə kəsilsin. Plan üzrə iki hissəyə bölünməli, posta yaxınlaşarkən hər iki tərəfdən əl qumbaralarını səngərin içinə atıb, oradakıları məhv etməli, posta yiyələnməli idilər. Bomboz, çılpaq təpənin döşünə çatanda Villi iki nəfəri ayırıb sağ tərəfdən posta yaxınlaşmağı əmr edir, özü də qalan iki nəfərlə sol cinahla dikdirin başına tərəf yollanır. Bu zaman gözlənilməz bir olay baş verir. Təpənin arxasından qəfil ermənilərlə rastlaşırlar. Döyüş başlayır. Ermənilər ciddi itki verərək qaçmağa başlayırlar. Onlardan birini Villi və dəstəsi ələ keçirə bilir. Amma müqavimət göstərdiyindən məhv edilir. Vilayətgil heç bir itki vermədən geri qayıdırlar. Həmin axşam isə Ermənistan radiosu azərbaycanlıların bu əməliyyatından danışırlar. Sən demə, məhv edilən sonuncu şəxs Aqsa Ohanesyan adlı sovxoz direktoru imiş. Qarabağın həmin cəbhəsində erməni yaraqlıların bütün təminatı məhz Ohanesyan tərəfindən həyata keçirilirmiş.

Həmin günlərdə onun doğulub boya-başa çatdığı Qazaxda da vəziyyət gərgin idi.

Az keçmir ki, Vilayət Omarov Qazaxda batalyona komandir təyin olunur. Bir yanı Avey, Daş Salahlı, bir yanı Şıxlı, Babakər, bir yanı isə İncə dərəsi sərhədləri boyunca onun komandanlığı altında müdafiə olunur.

Nofəl deyir ki, həddindən artıq intizamlı batalyonumuz vardı.

– Vilayətin zəhmi də böyük idi. Onun maşını kəndin bu başında görünəndə adamlar qaçıb gizlənməyə yer axtarardı. Niyə? Deyirdi müharibə edirik. Bir hissəmiz döyüşür, o biri hissəmiz avara-avara çayxanalarda, kafedə oturmasın. İşləsin, cəbhəyə nəsə fayda versin. Bizim batalyonun digər özünümüdafiə batalyonlarından bir fərqi də vardı: kəşfiyyat qrupumuz. Ermənilərin anasını ağlar qoyan 26 nəfərlik kəşfiyyat dəstəmizin indiyədək apardığı əməliyyatlar bir romanın mövzusudur.

Bu dəstənin tərkibində Qazağın başqa bir əfsanəsi – Azər Kazımov da vardı. Qazaxda hamının “Mixaylo” adlandırdığı Azər.

1959-cu il sentyabrın 13-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. Qazax Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1982-92-ci illərdə Qaymaqlı sovxozunda baytar-həkim kimi işləyib. Müharibə onu da öz işindən ayırıb cəbhəyə göndərmişdi.

Sovet ordusunda istehkamçı kimi xidmət etmişdi. Elə özünümüdafiə batalyonunda da onun işi əraziyə basdırılan minaları təmizləmək olur. Biz Azərin iştirakçısı olduğu kəşfiyyat əməliyyatlarına qayıdacağıq. İndilikdə isə bu fakta diqqət:

Təkcə 1995-ci il noyabrın 9-da o, düşmənin sərhəd boyu torpağa basdırdığı 195 minanı çıxardıb zərərsizləşdirərək, yerli tabora təhvil vermişdi.

Təkcə istehkamçı kimi ad çıxarmamışdı o, Villinin batalyonunun kəşfiyyat dəstəsində ayrıca rolu vardı. Uşaqlığından çölləri, düzləri tanıyırmış deyə, ondan əvvəlcə bələdçi kimi istifadə edirmişlər. Amma bir-iki kəşfiyyat əməliyyatından sonra məlum olur ki, adam sanki dünyaya kəşfiyyatçı kimi gəlibmiş.

…1991-ci il oktyabrın 27-də Qaymaqlı kəndinə xəbər yayılır ki, “Qırmızı daş” deyilən yerdə ermənilər sovxozun traktorçusu Balagədə Hacıyevi girov götürüb öldürüb, traktoru isə yandırıb. Azərgil üzbəüz erməni kəndinə girərək, postdakı 4 erməni yaraqlısını səngərdəcə tərki-silah edib, əsir alırlar və iki gün sonra Balagədənin meyiti ilə dəyişirlər.

Bir dəfə Azər bir qrup döyüşçü ilə əməliyyata çıxır. “Godun qaşı” deyilən yerdə “Qaz-66” markalı yük maşınının onlara tərəf gəldiyini görürlər. Onlar maşını mühasirəyə alır, içindəki 5 nəfəri girov götürüb, batalyona təhvil verirlər. Maşın isə yandırılır.

Günlərin bir günü xəbər yayılır ki, Qaymaqlı kənd sakini, ruhi xəstə Mahmud Əhmədov qoyun otararkən ermənilər tərəfindən girov götürülür. Azər yenə də mal-qara otaran ermənini girov gətirir, Mahmudla dəyişirlər.

İstehkamçı kimi də Azər bir uğurlu əməliyyata imza atır. Qurumsulu kəndində lazımi yerlər minalanır. Nəticədə həmin ərazidən Kəmərli tərəfə gələn erməni kəşfiyyat dəstəsi minaya düşürək məhv olur. Ölənlərin arasında İncə dərəsinə qənim kəsilmiş erməni komandir Jora da olur.

Onun ən uğurlu əməliyyatlarından biri də 1994-cü ilin mayında baş tutur. “Mixaylo” və Villinin döyüşçüləri düşmənin “Dəlləyin yurdu” deyilən sahədə yerləşən mövqeyini tamam dağıdır, 8 erməni yaraqlısı öldürülür.

Hazırda böyrək çatışmazlığından əziyyət çəkən, dializ xəstəsi olan keçmiş döyüşçü Nofəl deyir ki, batalyondakı döyüş yoldaşlarının hamısının yaşı 50-ni keçib.

– Hərə bir yerə dağılıb. Kənddə olan kəndədir, olmayan Bakıda, Gəncədə bir iş tapıb çörəyini qazanır. Biz hələ bu dövlətə lazımıq. İnan, lazımıq. Yaşımız çoxdu sadəcə, təcrübəmiz ki var! Biz bu dağı, dərəni, qarış-qarış tanıyırıq. Elə ermənilər də bizi yaxşı tanıyır. Ermənilər hələ də Villi deyib dad döyürlər. Elə Villi də formadadır, maşallah. (Gülür) Ovçuluqla məşğuldur. Ova gedir, ilan tutur, qartalını yedizdirir. Başını qatır da…

***

…Bu, bizim İncə dərəsində yaşayan son yazımız deyil. Azərbaycanın bu cənnət məkanına yenə qayıdacağıq sizinlə. Bu dəfə başqa bir insandan və həm də incəlilərdən yazacağıq.

Fotolar Şakir Rəhmanındır